Bakutel 2018

Smart Systems Technology MMM şirkəti, ənənvi “Bakutel 2018” – 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransında iştirakını uğurla başa vurmuşdur.

4-7 dekabr tarixlərində Bakıda “Bakutel 2018” – 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransı keçirildi. “Yüksək texnologiyalar həftəsi” çərçivəsində baş tutan ənənəvi “Bakutel” sərgisi təkcə informasiya texnologiyaları sahəsində əldə olunan nailiyyətlərin nümayişi ilə məhdudlaşmır. Sərgi işgüzar konfransların, perspektivli əməkdaşlıqların, rəqəmli gələcəyin yeni aspektlərinin formalaşması üçün qlobal platforma rolunu oynayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva “Bakutel 2018” sərgisinin ekspozisiyası ilə tanış olublar.

Tədbirin təntənəli açılış mərasimində çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə qeyd edib ki, “Bakutel” sərgisi sənaye mütəxəssislərinin ənənəvi görüş yerinə və regionun ən nəhəng İKT tədbirinə çevrilib. Biznes strukturlarının rəhbərləri, peşəkarlar “Bakutel” sərgisinin platformasında qlobal məsələləri həll edir, perspektiv layihələri müzakirə edir və müxtəlif qərarlar qəbul edir. Eyni zamanda, sərgidə İKT sahəsinin ən son nailiyyətləri, innovasiyalar nümayiş olunur, bu sahədə beynəlxalq əməkdaşlıq imkanları üçü şərait yaradılır.

BAKUTEL 2018 – İNNOVASİYALAR MƏKANI
Bu il “Bakutel 2018” dünyanın 20 ölkəsini təmsil edən 230 şirkəti bir araya gətirməklə, əhatə etdiyi sərgi sahəsi üzrə 25% artım nümayiş etdirib. İstifadəçilərə aparıcı İKT şirkətləri, mobil operatorlar, internet provayderləri, sistem inteqratorları, tanınmış brendlərin distribyutorları və gənc layihəçilər tərəfindən real həll variantları və texnologiyalar təqdim edildi.

SMART SYSTEMS TECHNOLOGY MMM – Yeni əməkdaşlıqlar, yeni imkanlar
Bakutel 2018 sərgisində Smart Systems Technology şirkəti, Rusiya Federasiyasının NAG texnologiya şirkəti ilə birlikdə sərgi iştirakçılarına öz xidmət və məhsullarını təqdim etmişdirlər. İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə avadanlıq və həllər istiqamətində yüksək təcrübəyə malik olan NAG şirkəti bu ildən etibarən Azərbaycan bazarında öz aktiv fəaliyyətini həyata keçirmək məqsədilə Smart Systems Technology şirkəti ilə Partnyorluq müqaviləsi imzalamış və Smart Systems Technology şirkəti, NAG şirkətinin Azərbaycan üzrə rəsmi Partnyoru statusunu əldə etmişdir. 2019-cu ildən etibarən birgə əməkdaşlıq çərçivəsində yeni İT layihələrin icrasına start veriləcək, NAG şirkətinin təklif etmiyi geniş çeşidli İT avadanlıqların və İT həllərin müştərilərə təklif edilməsinə başlanılacaqdır.

.